SİYASƏT


Azərbaycan ərəb dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirə rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Şərif İsmayıl Məhəmməd ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Misir arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb. Bu xüsusda gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunacağı bildirilib. Həmçinin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan hökumətlərarası müştərək komissiyanın iclasının müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər, həmçinin enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunub, 6 ildən artıq müddətdə SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd ediblər.

Baş nazir Şərif İsmayıl Məhəmməd nazir Elmar Məmmədyarovun Misirə səfərinin ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirib və belə səfərlərin ölkələrimiz arasında münasibətlərin gələcək istiqamətlərinin müəyyən edilməsi üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanın bütün ərəb dövlətləri, o cümlədən Misir ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verən nazir Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirib.

Görüşdə, həmçinin turizm, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, toxuculuq və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın genişləndirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin sayının artırılması kimi məsələlər də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.