REGİONLAR
Azərbaycan əsgəri torpaqlarımızın keşiyində ayıq-sayıq dayanıb
Ağcabədi, 14 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən N hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
AZƏRTAC xəbər verir ki, valideynlərin iştirakı ilə keçirilən mərasimin əvvəlində meydana təntənəli marşın sədaları altında hərbi hissənin Döyüş Bayrağı gətirilib. Dövlət himnimiz oxunub, gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək torpaqlarımızı şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıb, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurlardan danışan natiqlər bildiriblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son vaxtlar silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
Zabit Namiq Cavadov çıxışında bildirib ki, Azərbaycan əsgəri torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını şərəflə yerinə yetirir. Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı hər an azad etməyə hazırdır.
Sonda əsgərlər valideynləri ilə görüşüb, hərbi hissədə yaradılan şəraitlə tanışlıq olub.