MƏDƏNİYYƏT
Azərbaycan filmi III “Boğaziçi” beynəlxalq film festivalında mükafata layiq görülüb
İstanbul, 27 noyabr, AZƏRTAC
İstanbulda keçirilən III “Boğaziçi” beynəlxalq film festivalının qalibləri mükafatlandırılıb.
Festivalda ölkəmizi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilən “Nabat” bədii təmsil edib. Filmində baş rollardan birinin ifaçısı Fatimə Motamed Arya festivalın “Ən yaxşı aktrisa” nominasiyasında mükafata layiq görülüb.
"Nabat" bədii filmi noyabrın 20-dən 27-dək davam edən festivalda “Atlas” film sarayında ingilis və türk dillərində subtitr tərcümədə təqdim edilib. Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Vətənimizin ayrılmaz parçası olan Qarabağda gedən müharibənin dramatik hadisələrindən birini özündə əks etdirən, güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazının yaradıldığı "Nabat" filmi bu günədək onlarla kinofestivalda iştirak edib və maraqla qarşılanıb.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
İstanbul kinosevərləri tərəfindən də maraqla qarşılanan bu ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri oynayıblar.
Qeyd edək ki, “Boğaziçi” beynəlxalq film festivalına 57 ölkədən 859 film göndərilib. Münsiflər heyəti bu çoxsaylı filmlər içindən ən orijinal 4 filmi qalib olaraq seçib. Finalçılar siyahısına düşmüş 10 müxtəlif ölkədən olan 12 film eyni zamanda “Boğaziçi” beynəlxalq film festivalı çərçivəsində İstanbulda nümayiş olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul