MƏDƏNİYYƏT
Azərbaycan filmi beynəlxalq festivalda baş mükafata layiq görülüb VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Rejissor Fehruz Şamıyevin quruluş verdiyi “Yol” filmi İranda keçirilən IX “Ruyesh” Beynəlxalq qısametrajlı film festivalının baş mükafatına layiq görülüb.
Rejissor AZƏRTAC-a açıqlamasında filmin festivalın “Müsəlman ölkələri” proqramında qalib olduğunu bildirib: “Bu proqram festivalın iki beynəlxalq proqramından biri idi. “Müsəlman ölkələri” və “Beynəlxalq” proqramında 10, üçüncü “Yerli” proqramda isə 20 film yarışırdı. Fransa, Almaniya, Belarus, Koreya Respublikası və s. ölkələrin yer aldığı “Beynəlxalq” proqramın qalibi Livan istehsalı olan animasiya filmi oldu. Hər üç proqramda da yer alan filmlər humanistliyi, sülhü, əxlaqi, dini dəyərləri önə çəkirdi. Festivala həm beynəlxalq, həm də yerli kino xadimləri, eləcə də tamaşaçılar tərəfindən maraq çox idi. Orada Moskva və Tokio film festivallarının qalibi, Kann festivalında tənqidçilərin xüsusi mükafatının sahibi Rza Mirkərimi, sonuncu “Kazan” festivalında mükafat alan Salam Salavati, eləcə də digər ölkələrin kino xadimləri ilə görüşümüz və birgə layihələr barədə müzakirələrimiz oldu”.
Rejissorun sözlərinə görə “Yol” filminin festivalda nümayişi fevralın 26-da Xocalı soyqırımının 23-cü ildönümünü qeyd etdiyimiz gündə baş tutub: “Filmdə baş qəhrəmanlardan biri Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professordur. Onun ölüm ayağında hər şeyi gözə alıb doğulduğu kəndə getmək istəməsi və bunu gerçəkləşdirməsi hər bir azərbaycanlı və dünya üçün çox mühüm mesajdır. Bunu mükafatı alan zaman çıxışımda da söylədim, indi də deyirəm. Filmə verilən bu mükafatı Xocalı soyqırımında amansızlıqla qətlə yetirilən 613 həmvətənimiz, xüsusən də 106 qadın, 63 uşağın adına qəbul etdim”.
Filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, redaktorları Aygün Aslanlı və Tünzalə Babayeva, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir. Filmdə baş rolları Qabil Quliyev, Rauf Şahsuvarov canlandırıb.
Qeyd edək ki, “Doğulduğun yerdə ölməli...” sloqanı ilə təqdim edilən “Yol” Elçin Hüseynbəylinin “Gözlərimə gün düşür” hekayəsinin motivləri əsasında çəkilib. “Cinema” Mərkəzi və “Öz film”də istehsal olunan bu ekran əsərinin çəkilişləri Bakı, Şamaxı, Ağsuda aparılıb. Ekran işi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biridir.