MƏDƏNİYYƏT
Azərbaycan filmləri Peruda keçirilən festivalda nümayış olunub
Bakı, 16 avqust, AZƏRTAC
Peru Respublikasının paytaxtı Lima şəhərində 20-ci Beynəlxalq Kinofestival keçirilib.
Azərbaycan və Peru arasında mədəni əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə ölkəmizin Perudakı Diplomatik Nümayəndəliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan filmləri də kinofestivalda nümayiş olunub.
Kinofestivalda qədim və zəngin keçmişə malik olan Azərbaycan kino sənayesinin müxtəlif dövrlərini əhatə edən 7 film - “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Yarasa”, “Özgə vaxt”, “Çölçü”, “Nabat” və “Axınla aşağı” bədii filmləri ispan dilində subtitrlərlə nümayiş etdirilib. Festival çərçivəsində 400-ə yaxın müxtəlif janrda xarici filmlər, o cümlədən Latın Amerikası filmləri ilə yanaşı, Fransa, İsveçrə və bir sıra ərəb ölkələrinin filmləri də təqdim edilib.
Böyük Milli Teatrda keçirilmiş kinofestivalın təntənəli açılış mərasimində Peru Respublikasının Mədəniyyət Naziri Xorxe Nieto Montesinos çıxış edərək, Latın Amerikası kinematoqrafiyasının keçmişi, bu günü və gələcəyi haqqında danışıb, mədəni irs və zəngin təxəyyüllərini əks etdirən filmlərin dünyanın müxtəlif ölkələrinin bir-birinə yaxınlaşmasında mühüm rol oynadığını bildirib.
Kinofestivalda nümayiş olunmuş filmləri Peru Respublikasının Mədəniyyət Nazirliyinin kinoteatrında, Peru Milli Kitabxanasının kinoteatrlarında, mədəniyyət mərkəzlərində, habelə ölkənin digər şəhərlərindəki böyük kinoteatrlarda bir milyondan artıq tamaşaçı izləyə bilib.