MƏDƏNİYYƏT
Azərbaycan filmləri növbəti film festivalında uğurla nümayiş olunub
Bakı, 27 mart, AZƏRTAC
Avstriyanın Vyana şəhərində keçirilən “LET`S CEE” film festivalında Mirbala Səlimlinin “Qırmızı bağ”, Azərbaycan və Böyük Britaniyanın birgə istehsalı olan “Əli və Nino”, Teymur Hacıyevin “Şanxay, Bakı” və “Arşın mal alan” filmləri uğurla nümayiş olunub.
“Azərbaycanfilm” Kinostudiyasından AZƏRTAC-a bildirilib ki, filmlərimizin nümayişi Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub. Belə ki, “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filmi festivalın “İddialı debüt” proqramında təqdim edilib.
Daha sonra “Klassik filmlərin seçmələri” proqramında Azərbaycan kino sənətinin incilərindən sayılan “Arşın mal alan” filminin 2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş və rənglənmiş versiyası nümayiş olunub.
Festivalın qısametrajlı filmlər müsabiqə proqramında nümayiş edilən “Şanxay, Bakı” filmi təltifetmə mərasimində münsiflər heyəti tərəfindən “Xüsusi vurğulama” ilə qeyd olunub.