ELM VƏ TƏHSİL
Azərbaycan folklor nümunələrinin xarici dillərə tərcüməsinə böyük ehtiyac var
Bakı, 21 yanvar, AZƏRTAC
Folklor Sarayı adlı Elmi-Mədəni Mərkəz əsasında ayrıca Folklor İnstitutunun yaranması müstəqillik qazanmış Azərbaycanda xalq mədəniyyətinə, bu mədəniyyətin hərtərəfli öyrənilməsinə nə qədər əhəmiyyət verilməsinin, diqqət və qayğı göstərilməsinin bir göstəricisidir. Başqa həmkarlarım, folklorşünas dostlarım kimi, Folklor İnstitutunda çalışmaqda mənim də başlıca məqsədim Azərbaycan folklorunun toplanması, nəşri və araşdırılması ilə dünya standartları səviyyəsində məşğul olmaq, Azərbaycan folklorunu özümüzə və dünyaya tanıtmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov deyib.
Alim qeyd edib ki, institutun son vaxtlar gördüyü ən mühüm işlərdən biri 10 cildlik “Qarabağ: folklor da bir tarixdir” kitabının nəşr edilməsidir. Kitab Qarabağ sakinlərindən toplanmış folklor nümunələri əsasında hazırlanıb. Nəşrə daxil edilən nümunələr Qarabağın işğal altında olmayan ərazilərindən və Qarabağ köçkünlərinin məskunlaşdığı yaşayış məntəqələrindən toplanıb. Folklor İnstitutunun çap etdirdiyi dəyərli elmi əsərlərin və folklor toplularının həm ingilis, həm də digər xarici dillərə tərcümə olunmasına çox böyük ehtiyac var.
M.İmanovun sözlərinə görə, bu il institutda “Folklorda azərbaycançılıq və multikulturalizm” layihəsinin həyata keçirilməsinə başlanacaq. Milli-mədəni müxtəlifliyi Azərbaycan folklorunun ortaq dəyərlərindən biri kimi öyrənmək həmin layihənin əsas istiqaməti olaraq nəzərdə tutulub.