CƏMİYYƏT
Azərbaycan gənclər təşkilatlarının təmsilçisi Avropa Şurasının iclaslarında iştirak edib
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) baş katibi Seymur Hüseynov Macarıstanda Avropa Şurasının bir sıra iclasında iştirak edib. Seymur Hüseynov Budapeştdə Avropa Gənclər Mərkəzində Avropa Şurasının gənclər üzrə məşvərət şurasının 33-cü, birgə şurasının isə 32-ci iclasına qatılıb.
ATGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, iclas çərçivəsində Avropa Şurasının gənclər departamentinin rəhbəri Antje Routhemund ilə fikir mübadiləsi aparılıb. Qurumun gənclər sektoruna dair təqdimatların və hesabatların dinləndiyi tədbirdə bu sahədə 2014-2015-ci illər üzrə əsas proqramlara, 2015-ci il üzrə tədbirlər təqviminə nəzər yetirilib. Həmçinin gənclər sektorunun 2016-2017-ci il üzrə əsas prioritetləri müəyyənləşdirilib, Ukraynada baş verən hadisələr və cari vəziyyətlə bağlı müzakirələr aparılıb.
İclasda Avropa Şurasının əsas prioritetlərindən biri olan “Nifrət Nitqinə Yox Hərəkatı” beynəlxalq kampaniyası da müzakirə edilib. Kampaniyanın 2015-ci ilin mayında yekunlaşdırılmasının nəzərdə tutulmasına baxmayaraq, onun növbəti illərdə davam etdirilməsi qərara alınıb. “Nifrət Nitqinə Yox” kampaniyası 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. ARGTMŞ kampaniyanın Azərbaycan üzrə milli əlaqələndiricisi, Seymur Hüseynov isə rəsmi nümayəndəsidir.
S.Hüseynov Budapeştdə Avropa Şurasının Avropa Gənclər Mərkəzinin 20 illik yubileyi şərəfinə verilən ziyafətdə iştirak edib.
ARGTMŞ-in baş katibi 2014-2015-ci illər üzrə Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib.