REGİONLAR
Azərbaycan gəncləri bütün sahələrdə fəallığı ilə seçilir
Masallı, 9 avqust, Bağır Əliyev, AZƏRTAC
Avqustun 9-da Masallı şəhərindəki Gənclər Mərkəzində 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbir iştirakçılarını qarşıdan gələn əlamətdar gün münasibətilə təbrik edərək, Beynəlxalq Gənclər Günü və Azərbaycan Gəncləri Gününün təsis edilməsindən danışıb.
Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması, dövlət gənclər siyasəti konsepsiyasının qəbul edilməsi kimi mühüm addımların atılmasını gənclərə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirən C.Manafov, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirdiyini, gənclərin beynəlxalq idman yarışlarında, müsabiqə və festivallarda ölkəmizi layiqincə təmsil etdiklərini diqqətə çatdırıb.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, məşqçi–müəllim Xanağa Quliyev və başqaları çıxış edərək bildiriblər ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilib. Bu siyasətin nəticəsidir ki, gənclərin hərtərəfli inkişafı üçün siyasi, sosial, iqtisadi, təşkilatı və hüquqi təminatların yaradılması onların ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynayır. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan gəncləri həyatımızın bütün sahələrində - ictimai, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində fəallığı ilə seçilirlər.
Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları verilib.