MƏDƏNİYYƏT
Azərbaycan gəncləri rəqs etməyi sevir!
Bakı, 30 mart, AZƏRTAC
“One Dance-One Soul” rəqs festivalı çərçivəsində martın 29-da “Red Lion” mehmanxanasında “Original brother’s jam” adlı növbəti tədbir keçirilib. Tədbirin təşkilatçıları Sadiq Muradov, Səbinə Məmmədova və Emil Zeynalovdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda “hip-hop” rəqsinin ifaçıları iştirak ediblər. Aktivində 9 xal olan Kamran Məmmədov (Vesper) gecənin qalibi olub.
“ALARM” kollektivin nümayəndəsi Katarina Maray AZƏRTAC-a müsahibəsində bildirib ki, “One Dance-One Soul” festivalı əsasən gənc nəslin nümayəndələrini rəqs məşğələlərinə cəlb etmək məqsədi daşıyır. Katarina Maray deyib: “Mən rəqslərə 3 yaşından maraq göstərirəm və həyatımı rəqssiz təsəvvür edə bilmirəm. Hazırda “ALARM” kollektivinin (bədii rəhbər Leyli Mişina) üzvüyəm. Bu kollektiv mənim ikinci ailəmə çevrilib. Biz artıq “Özünü tanıt” (Azərbaycan) və “Yetenek sizsiniz” (Türkiyə) televiziya layihələrində çıxış etmışik. Rəqs təkcə özünü ifadə etmək üsulu deyildir, o həm də insanları yaxınlaşdıran körpüdür. Gənclərin “hip-hop” üslubunda rəqslərə marağını artırmaq üçün qarşımıza “One Dance-One Soul” festivalını keçirmək məqsədi qoymuşuq. Əvvəlki tədbir böyük uğur qazanıb. Sayca dördüncü olan “Original brother’s jam” adlı bugünkü görüş rəqqaslar arasında təcrübə mübadiləsi məqsədi daşıyır. Biz uğur qazanacağımıza əminik”.