CƏMİYYƏT
Azərbaycan gənclərinin bir qrupu Koreya Respublikasında səfərdə olub
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan ilə Koreya Respublikası arasında beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində ölkə gənclərindən ibarət nümayəndə heyəti iyulun 17-dən 26-dək bu ölkənin paytaxtı Seulda səfərdə olub.
“İrəli” İctimai Birliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, səfər çərçivəsində gənclərimiz Koreya Respublikasının bir sıra məkanlarına baş çəkib, paytaxt Seulun tarixi, mədəniyyəti ilə yaxından maraqlanıblar. Gənclər Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinə baş çəkib, beş böyük gənclər mərkəzində olub, görüşlər keçirib, təlimlərdə iştirak ediblər. Bununla yanaşı, Azərbaycan nümayəndə heyəti gənclərlə işin aparılmasında mühüm rol oynayan Koreya Gəncləri ilə İş Agentliyinin fəaliyyəti ilə tanış olublar. Görüşlərdə iki ölkə arasında gənclər sahəsində əməkdaşlığın daha da genişləndirilməsi ətrafında müzakirələr aparılıb.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən və sayca beşinci olan səfərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını Ləman Cavadova və Elvin Məmmədov, “İrəli” İctimai Birliyini isə Azər Əmirov təmsil edib.
Qeyd edək ki, layihə çərçivəsində Koreya Respublikasından olan on gənc bir neçə gün əvvəl Azərbaycana gəlib və ölkəmizin tarixi, mədəniyyəti ilə yaxından tanış olub.
Qarşılıqlı səfərlər zamanı gənclərə müxtəlif təqdimatlar keçirilir, gəzintilər planlaşdırılır, ölkələrimizin mədəniyyətləri, tarixi məkanları tanıdılır, bir sıra tədbir və görüşlər keçirilir.