CƏMİYYƏT
Azərbaycan gənclərinin inkişafında həmkarlar ittifaqlarının rolu mövzusunda müzakirələr aparılıb
Bakı, 30 yanvar, Səxavət Quliyev, AZƏRTAC
Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Cəmilə Səttarova tədbirdə çıxış edərək Azərbaycan gənclərinin inkişafında həmkarlar ittifaqının rolundan və ölkədə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. Gənclərin cəmiyyətimizin aparıcı qüvvəsi olduğunu vurğulayan C.Səttarova bildirib ki, onların dövlət qayğı ilə əhatə edilmələrini sevindirici hal kimi qiymətləndirib. Qeyd olunub ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 26-da imzaladığı Sərəncam bu diqqətin bariz nümunəsidir. Bu Strategiya bir çox dövlət təşkilatları, həmçinin vətəndaş cəmiyyəti institutları qarşısında mühüm öhdəliklər qoyur. Yüksək dəqiqliklə hazırlanan Strategiya gənclərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müstəsna rol oynayacaq.
Gənclərimizin yüksək yaradıcılıq qabiliyyətinə malik olduğunu diqqətə çatdıran komitə sədri onların ölkəmizi beynəlxalq arenada uğurla təmsil etdiklərini diqqətə çatdırıb. Bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün daha da inkişaf etdirilməsi nəticəsində müsbət nəticələr əldə olunmaqdadır. Ulu Öndər gənc nəslə öz qayğısını əsirgəməyib, gənclərin ictimai-siyasi həyatda fəal iştirakını, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin edib. Ulu Öndərin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.
Ölkəmizin gəncləri arasında həmkarlar ittifaqları hərəkatı, onun fəaliyyətinin əsasları və beynəlxalq aləmdəki mövqeyi haqqında maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayan C.Səttarova bu hərəkatın dünyada aparıcı qüvvəyə malik olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının sədri Tural Süleymanov “Həmkarlar İttifaqı üzvlüyünə gənc nəslin motivasiyası”, Komitənin şöbə müdirləri, gənclərlə iş üzrə komissiyasının sədri Zaur Həmidov “Azərbaycan gənclərinin inkişafı strategiyası”, gender bərabərliyi və qadın problemləri üzrə komissiyasının sədri Əfsanə Əliyeva isə “Gender bərabərliyi və qadın problemləri” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.