ELM VƏ TƏHSİL
Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Gənclər Gününə həsr olunan tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin prorektoru İsa Xəlilov ölkəmizdə gənclər siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib, əlamətdar gün münasibətilə gəncləri təbrik edib.
Universitetdə gənclərlə bağlı reallaşdırılan layihələrdən danışan prorektor bütün bu işlərin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olduğunu söyləyib. Vurğulanıb ki, universitetin tələbələri hər zaman ölkənin ictimai-siyasi həyatında fəal rol oynayıblar.
Digər çıxış edənlər də ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, gəncliyin inkişafı istiqamətində həyata keçirilən layihə və tədbirlərdən söz açıblar. Qeyd edilib ki, gənclərə göstərilən bu qayğı və diqqət onlarla bağlı infrastruktur bazasının yaradılması, müəyyən qanunların qəbul edilməsi, konkret hədəflərə hesablanmış dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın gələcəyi üçün layiqli gənc nəslin yetişdirilməsi məqsədi daşıyır.
Sonda təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə diplomlar verilib.