İDMAN
Azərbaycan gimnastı Tokioda “AEON Cup - 2015”in bürünc medalını qazanıb VİDEO
Tokio, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də Tokioda bədii gimnastika üzrə “AEON Cup - 2015” klublararası dünya çempionatı başa çatıb.
Ənənəvi çempionatda 23 klub iştirak edib. Hər bir komanda üç gimnast, o cümlədən iki senyorka və bir yuniorka ilə təmsil olunub.
Yarışmanın yekunlarına görə, Azərbaycanın Marina Durunda, Ayşən Babayeva və Jalə Piriyevadan idarət “Ocaq Sport Club” komandası beşinci yeri tutub. Rusiyanın “Qazprom” komandası birinci, Ukraynanın “Deryuginlər məktəbi” komandası ikinci, Belarusun “Dinamo” komandası isə üçüncü yerdə qərarlaşıblar.
Budəfəki çempionatda da fərqlənən yuniorka Jalə Piriyeva bürünc medal qazanıb. O, ip, halqa, top və gürz ilə yaddaqalan çıxışlarına görə hakimlərdən yüksək ballar alıb.
Yarışdan sonra təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən gimnastlarımız Gündoğar ölkədəki həmyerlilərimizə göstərdikləri dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Jalə Piriyeva isə vurğulayıb ki, belə mötəbər yarışda yüksək yer tutması onu çox sevindirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio