İDMAN
Azərbaycan gimnastları “Qran-pri Moskva - 2014” turnirində gümüş və bürünc medal qazanmışlar VİDEO
Bakı, 5 mart (AZƏRTAC). Azərbaycan gimnastları “Qran-pri Moskva-2014” turnirində gümüş və bürünc medal qazanmışlar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bir gündə iki medal qazanan milli kollektivimiz turnirdə böyük uğura imza atmışdır. Azərbaycan gimnastlarının ölməz Müslüm Maqomayevin “Mavi əbədiyyət” əsərinin sədaları altında 3 top və 2 lentlə çıxışı o qədər zərif və təsirli idi ki, hakimlər Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevanı yüksək ballarla mükafatlandırdılar. Gimnastlarımız bu proqrama görə 16,95 bal alaraq, gümüş medal qazanmışlar.
Azərbaycan komandası 10 gürzlə qrup hərəkətlərinin finalında bürünc medal qazanmışdır. Birinci yerə Rusiya komandası, ikinci yerə isə Bolqarıstan gimnastları çıxmışlar.
Bir neçə gündən sonra qızlar, habelə fərdi gimnast Gülsüm Şəfizadə Fransaya yola düşəcəklər. Martın 7-9-da Tye şəhərciyində Qran-pri yarışlarının növbəti turniri keçiriləcəkdir.