İDMAN
Azərbaycan gimnastlarının üçüncü Olimpiya lisenziyası
Bakı, 18 aprel, AZƏRTAC
Bu dəfə Olimpiya Oyunlarının kişi idman gimnastikası üzrə yarışlarında Azərbaycan iki gimnastla təmsil olunacaq. Bu Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Test Turnirində Petro Paxnyukun nümayiş etdirdiyi yarış əzminin sayəsində mümkün olmuşdur.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, altı alət üzərində çıxışların cəmində 85.257 xal toplayan Petro Olimpiya Oyunlarının gələcək iştirakçılarının siyahısında asanlıqla yer aldı.
Bu artıq gimnastlarımız tərəfindən Rio-2016 Oyunlarına qazanılan 3-cü Olimpiya lisenziyasıdır. Xatırladaq ki, Petronun komanda yoldaşı Oleq Stepko Qlazqoda keçirilən ötən ilin dünya çempionatında 3-cü yerə layiq görülərək, planı vaxtından əvvəl yerinə yetirməklə ilk təsnifat turnirində lisenziya qazanmışdı. Daha bir lisenziyani Ştutqartda keçirilən bədii gimnastika üzrə dünya çempionatının çoxnövçülüyündə 6-cı yerdə qərarlaşaraq gimnast Marina Durunda əldə edib.
Xatırladaq ki, ilk dəfə Azərbaycanı bu idman növündə London Olimpiadasında Şakir Şixəliyev təmsil edib.