İQTİSADİYYAT


Azərbaycan gömrük xidməti ilə əməkdaşlıq əlaqələrinin qurulması Laos üçün faydalı olacaq

A+ A

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan gömrük xidməti ilə əməkdaşlıq əlaqələrinin qurulması Laos üçün faydalı olacaq.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər yanvarın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin “Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və Dünya Gömrük Təşkilatının Konteyner Daşımalarına Nəzarət Qlobal Proqramı” çərçivəsində Azərbaycan Respublikasına işgüzar səfərə gələn Laos Xalq Demokratik Respublikası (LXDR) Maliyyə Nazirliyinin Gömrük Departamentinin baş direktor müavini Somphet Sivonqksainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirilib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Laos Xalq Demokratik Respublikasının iqtisadiyyatın konkret sahəsi üzrə ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, gömrük orqanları vasitəsilə yaradılan bu ilk əməkdaşlıq əlaqələrinin hər iki ölkənin digər sahələrdə də qarşılıqlı münasibətlərinin yaradılması işinə böyük töhfə verəcəyinə ümidlə baxdığını bildirib.

DGK sədri Aydın Əliyev Azərbaycan gömrüyünün 25 il əvvəl yaranmasına baxmayaraq qısa müddət ərzində mühüm nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb. Komitə sədri hazırda Dünya Gömrük Təşkilatı və gömrük sahəsində ixtisaslaşan digər beynəlxalq qurumların Bakıda aktiv fəaliyyət göstərən ofis və nümayəndəliklərinin mövcud olduğunu bildirib və bunu Azərbaycan gömrük orqanlarının işgüzar və səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib. Komitə sədri Azərbaycan gömrük orqanlarının fiskal siyasət, narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə və digər sahələrdə əldə etdiyi nailiyyətlər barədə qonaqları məlumatlandırıb, təcrübə mübadiləsinin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin iki ölkənin gömrük orqanlarına fayda verəcəyini vurğulayıb.

Aydın Əliyev səfərin Azərbaycan gömrüyünün 25 illik yubiley tədbirləri ilə eyni vaxta təsadüf etməsinin sevindirici hal olduğunu və nümayəndə heyətinin Azərbaycan xalqının tarixi, mədəniyyəti haqqında da məlumat əldə edəcəyini diqqətə çatdırıb.

Laos Xalq Demokratik Respublikası (LXDR) Maliyyə Nazirliyinin Gömrük Departamentinin baş direktor müavini Somphet Sivonqksai ölkəsinin gömrük orqanlarının strukturu, fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Azərbaycan gömrük xidməti ilə əməkdaşlıq əlaqələrinin qurulması və qarşılıqlı təcrübə mübadiləsinin ölkəsi üçün faydalı olacağını bildirən S.Sivonqksai Azərbaycanda gömrük sahəsində fəaliyyət göstərən təlim mərkəzlərinin təcrübəsinin bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonra qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinə baxış keçirib, mərkəzin fəaliyyəti ilə yaxından tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.