İDMAN


Azərbaycan güləşçiləri Avropa çempionatının finalına vəsiqə qazanıblar [YENİLƏNİB]

A+ A

Yarışda 42 kiloqram çəki dərəcəsində mübarizə aparan hər iki güləşçimiz finala yüksəlib. Mahir Məmmədzadə Ermənistan, Moldova və Rusiyadan olan rəqiblərini tam üstünlüklə məğlub edib. Finala qədər rəqiblərindən 32 xal qazanan güləşçimiz heç bir rəqibinə xal verməyib. Maqomedsalix Abakarov isə Belarus, Gürcüstandan iki və Türkiyədən olan rəqiblərini üstələyib finala vəsiqə qazanıb.

Avropa çempionatında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan İntiqam Vəlizadə və Vüsal Hüseynov yarımfinala qədər inamla güləşib. İntiqam Gürcüstan və Rusiyadan olan rəqiblərinə qalib gəlsə də yarımfinalda digər Rusiya təmsilçisinə uduzub. Vüsal isə Yunanıstan və Gürcüstandan olan rəqiblərini üstələyib. Ancaq yarımfinalda Türkiyə təmsilçisinə məğlub olub. Hər iki güləşçimiz bürünc medal uğrunda görüşə çıxacaq.

Güləşçimiz Daur Psardia (58 kq) Bolqarıstan və Ukraynadan olan rəqiblərini üstələsə də 1/4 finalda məğlub olub. Rəqibin finala yüksəlməsi isə təsəlliverici görüşə qatılan D.Psardia Macarıstan təmsilçisini mübarizədən kənarlaşdırıb və bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə təmsilçimizin rəqibi Türkiyə idmançısı olacaq.

Yarışda 69 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçilərimizdən Abubakr Abakarov ardıcıl olaraq Estoniya, Ukrayna və Ermənistandan olan rəqiblərini üstələyib. Yarımfinalda Rusiya təmsilçisinə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Abdulmuslim Məmmədov isə Moldova və Türkiyədən olan rəqiblərini üstələyib, 1/4 finalda Rusiya təmsilçisinə uduzub. İtaliya idmançısı ilə təsəlliverici görüşdən qalib ayrılan Abdulmuslim Məmmədov bürünc medal uğrunda görüşə haqq qazanıb. Bürünc medal görüşündə güləşçilərimiz bir-biri ilə qarşılaşacaq.

 x x x

12:10

Bakı, 19 iyul, AZƏRTAC 

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşir.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Umudov və Yaşar Əliyevin rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda 18 sərbəst güləşçimiz mübarizə aparacaq. Heyətdə Mahir Məmmədzadə, Maqomedsalix Abakarov (hər ikisi 42 kq), Əsgər Məmmədəliyev (46 kq), İntiqam Vəlizadə, Vüsal Hüseynov (hər ikisi 50 kq), Sabutay Əmişov, Maqomedqadji Kasumov (hər ikisi 54 kq), Daur Psardiya, Murad Məmmədov (hər ikisi 58 kq), Qadjimurad Qadjiyev, Djopua İnal (hər ikisi 63 kq), Abakar Abakarov, Abdulmuslim Məmmədov (hər ikisi 69 kq), Rəşad Yusifli, İslam Əliyev (hər ikisi 76 kq), Əhliman Quliyev (85 kq), Asxab Həmzətov və Əli Əminzadə (hər ikisi 100 kq) yer alıblar.

Bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə birinciliyində hər bir ölkə bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edir.

Yeniyetmə güləşçilər arasında Avropa çempionatı iyulun 24-də başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.