İDMAN
Azərbaycan güləşçiləri hərbçilərin dünya idman oyunlarının ikinci günündə daha bir gümüş qazanıblar
Bakı, 7 oktyabr, AZƏRTAC
Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin 6-cı dünya idman oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanın idman şərəfini Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir.
Sərbəst güləş yarışlarının ikinci günündə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparıblar. Güləşçilərimiz günü bir gümüş medalla başa vurublar. Yarışda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Coşqun Əzimov finala qədər inamla güləşib. Ardıcıl olaraq Livandan Kamal əl Katibi (13:1), Ukraynadan Yevgeni Xavilovu (10:2), yarımfinalda isə Monqolustan təmsilçisi Ganzoriç Mandaxnaranı (6:3) mübarizədən kənarlaşdıran Coşqun Əzimovun həlledici görüşdə Rusiya idmançısı Soslan Romanova uduzaraq gümüş medalla kifayətlənməli olub.
Xatırladaq ki, sərbəst güləş yarışlarının ilk günündə Ağahüseyn Mustafayev (65 kq) bürünc medal qazanmışdı.
Yunan-Roma güləşçilərimiz isə oktyabrın 9-10-da mübarizəyə qoşulacaqlar. Yunan-Roma güləşi yarışlarında Ramiz Məmmədov (59 kq), Samran Nəsibov (71 kq), Cavid İbrahimli (75 kq), Rafiq Hüseynov (80 kq), Soltan İsmayılov (85 kq) və Türmən Eyyubov (98 kq) ölkəmizi təmsil edəcəklər.