İDMAN
Azərbaycan güləşçiləri ilk Avropa Oyunlarına test xarakterli turnirin ikinci günündə 9 medal qazanıblar
Bakı, 17 aprel, Səxavət Quliyev, AZƏRTAC
Heydər Əliyev adına İdman Arenasında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.
AZƏRTAC xəbər verir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarına test xarakteri daşıyan turnirin ikinci günündə Azərbaycan millisi 4 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.
Turnirin proqramına əsasən, yarışın ikinci günündə - aprelin 17-də 102 gənc yunan-Roma güləşçisi birincilik uğrunda mübarizə aparıb. Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri də iştirak edirlər.
İdman mübarizəsinin ikinci günündə güləşçilərdən Nofəl Babayev (50 kq, Azərbaycan), Təbriz Yusifzadə (55 kq, Azərbaycan), Levani Kavjaradze (60 kq, Gürcüstan), Ramazi Zoidze (66 kq, Gürcüstan), Burhan Akbudak (74 kq, Türkiyə), İslam Abbasov (84 kq, Azərbaycan), Orxan Nuriyev (96 kq, Azərbaycan) və Zviadi Pataridze (120 kq, Gürcüstan) qızıl medal qazanıblar.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatları ilə təltif olunublar.