İDMAN
Azərbaycan güləşçilərindən Rio Olimpiadasına ilk vəsiqəni Elvin Mürsəliyev qazanıb VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, sentyabrın 7-də Las-Veqasda güləş üzrə dünya çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycan güləşçilərindən Rio Olimpiadasına ilk vəsiqəni Elvin Mürsəliyev qazanıb.
Sentyabrın 12-dək davam edəcək yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi ilə Azərbaycanın idman şərəfini Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edirlər.
Çempionatın ilk günündə 66, 75 və 98 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Elvin Mürsəliyev ardıcıllıqla meksikalı Juan Angel Eskobar, slovakiyalı Jure Kuhar, rumıniyalı İlie Cojocarini məğlub edib. Güləşçimiz dörddəbir finalda Qırğızıstan təmsilçisi Atabek Azizbekov üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Bu qələbə həm də 75 kiloqram çəki dərəcəsində ölkəmizə Olimpiya lisenziyası qazandırıb. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Roman Vlasova məğlub olsa da, bürünc medal uğrunda həlledici görüşə çıxıb. Bu görüşdə qazaxıstanlı Dostjan Kartikova 0:1 hesabı ilə uduzan güləşçimiz dünya çempionatını beşinci sırada bitirib.
Las-Veqasda keçirilən mundialda 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar uğrunda mübarizə aparılır. Çempionatda yunan-Roma güləşi üzrə 59, 66, 75, 85, 98 və 130, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75, sərbəst güləş üzrə isə 57, 65, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər.