İDMAN
Azərbaycan güləşçilərinin daha bir uğuru VİDEO
Bakı, 23 iyun (AZƏRTAC). Polşanın Katovitse şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, güləşçilərimiz çempionatda, ümumilikdə, 4 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olmuşlar.
İlk olaraq çempionatda mübarizəyə başlayan sərbəst güləşçilərimiz 1qızıl və 1 gümüş medal qazanmışlar. Nurməhəmməd Hacıyev (84 kq) bütün rəqiblərindən üstün olmuş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Murad Süleymanov (66 kq) isə gümüş medalla kifayətlənmişdir. Yığmamız komanda hesabında 5-ci sırada qərarlaşmışdır.
Gənc qızlardan ibarət yığma komandamızın üzvləri çempionatda 1 gümüş və 2 bürünc medala sahib olmuşlar. Elmira Qəmbərova (63 kq) yalnız final görüşündə uduzmuşdur. Türkan Nəsirova (44 kq) və Raqnetta Qurbanzadə (67 kq) isə bürünc medal qazanmışlar. Bu nəticə ilə yığmamız komanda hesabında 5-ci olmuşdur.
Çempionatın son iki günündə mübarizəyə qoşulan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl medal qazanmışlar. İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq) və İslam Abbasov (84 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmışlar. Ümumilikdə 45 xal toplayan Azərbaycan yığması komanda hesabında Rusiya və Gürcüstandan sonra üçüncü pillədə qərarlaşmışdır.