İDMAN
Azərbaycan güləşçisi Mariya Stadnik ilə “Təkbətək söhbət” VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
London Olimpiya Oyunlarının gümüş mükafatçısı Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik Azərbaycan Güləş Federasiyasının yeni layihəsi olan “Təkbətək söhbət” rubrikasının qonağı olub.
AZƏRTAC xəbər verir ki, qadın güləşçilərdən ibarət millimizin üzvü Mariya Stadnik “Niyə məhz güləşi seçmisiniz” sualına cavabında bildirib ki, onun yaşadığı kənddə rəqs dərnəyi ilə güləş idman növü vardı. Fiziki cəhətdən güclü olduğu üçün Mariya Stadnik məhz güləşə yazılmağa qərar verir. O bildirib ki, digər idman növlərindən futbolu, boksu və gimnastikanı çox xoşlayır. Ən çox bəyəndiyi Azərbaycan xörəyi plovdur.
Onun həyat devizi belədir: əgər insan öz üzərində çalışırsa, o, artıq yüksəkdədir. M.Stadnik ən acı məğlubiyyətindən də danışıb.
“Ən acı məğlubiyyətim dünya çempionatında oldu. Çünki dünya çempionatında mən rəqibimdən güclü olduğumu bilirdim. Sadəcə, mənim oyunun keçirildiyi gün fiziki cəhətdən nasaz olmağım məğlubiyyətlə nəticələndi. Əvvəllər məğlubiyyətimlə barışmırdım. Çox emosional olurdum. İndi isə sadəcə ağlayıram və səhvlərimi başa düşürəm”, - deyə Mariya Stadnik vurğulayıb.
Mariya Stadnik Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən da danışıb. Vurğulayıb ki, dövlətimizin başçısı ilə görüş mənim üçün çox xoş oldu. Onun hər gün gərgin işi ilə yanaşı, idmançıları da yada salması, onlarla görüşməsi, hətta hamının adını bilməsi mənim heç vaxt yadımdan çıxmayacaq. Belə şəxsiyyətlərlə yaxından görüşmək mənim üçün qürürvericidir. Məncə, hər bir idmançının arzusu Olimpiya çempionu olmaqdır. Bu, mənim də arzumdur. Gənclərə məsləhətim odur ki ilk növbədə sağlamlıqlarının qeydinə qalsınlar.
Qeyd edək ki, Mariya Stadnik 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında 48 kiloqram çəki dərəcəsində qazaxıstanlı rəqibi Tatyana Bokatyuku 6:0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub. 2012-ci ildə London Olimpiadasının gümüş medalını qazanıb. O, Azərbaycanın ilk Olimpiya medalı qazanmış qadın güləşçisidir.