İQTİSADİYYAT


Azərbaycan haqda seminar Kuroyaşi şəhərinin biznesmenləri tərəfindən maraqla qarşılanıb

Tokio, 11 avqust, AZƏRTAC 

Bakıda keçiriləcək yapon qida məhsulları sərgisi ilə əlaqədar növbəti seminar Yaponiyanın Tottori prefekturasının Kuroyaşi şəhərində təşkil edilib.

“Ryutu” logistika şirkətinin təşkil etdiyi biznes seminarda 50-dən çox yapon iş adamı iştirak edib.

“Cross Border Club” şirkətinin prezidenti, Bakıda keçiriləcək Yaponiya qida məhsulları sərgisinin təşkili üzrə işçi qrupun sədri Kazuyasu İşida seminar iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, biznes mühiti, mədəniyyəti və müasir inkişafı haqda ətraflı məlumat verib. Ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra karbohidrogen ehtiyatlarından bacarıqla istifadə edərək sürətlə inkişaf etdiyi, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı üçün çoxsaylı layihələr həyata keçirdiyi vurğulanıb. Qeyd olunub ki, son illər digər ölkələr kimi, yapon iş adamları da Azərbaycana böyük maraq göstərirlər. Yaponiyanın iri şirkətləri ilə yanaşı, kiçik və orta sahibkarlar da Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri qurmağa çalışırlar.

Qeyd edilib ki, 2014-cü ilin noyabrında Bakıda ilk dəfə təşkil edilən Yaponiya məhsulları sərgisinin böyük uğuru yapon iş adamlarını növbəti sərginin təşkilinə ruhlandırıb. Cari il oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində Yaponiya qida məhsullarının sərgisinin təşkili qərara alınıb.

Tədbirdə Azərbaycanın böyük uğurları ilə dünyanın diqqətini özünə cəlb etdiyi, burada beynəlxalq səviyyəli tədbirlərin, musiqi və idman yarışlarının təşkilinin artıq ənənə halı aldığı da qeyd edilib. Kuroyaşili biznesmenlər Azərbaycanla bağlı layihələrdə, o cümlədən qida məhsulları sərgisində fəal iştiraka dəvət olunublar.

Sonda yapon iş adamlarının ölkəmizlə bağlı sualları cavablandırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.