İQTİSADİYYAT
Azərbaycan hazırda dünyada dirçəlməkdə olan beş enerji bazarından birinə malikdir
Bu fikir Serbiyanın “b92” xəbər portalında Azərbaycana yeni təyin olunmuş səfir Neboyşa Rodiçin ölkəmizlə bağlı fikirlərinin yer aldığı məqalədə əksini tapıb.
Son dövrlərdə Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin artdığını vurğulayan səfir deyib ki, xüsusilə qitənin alternativ qaz ehtiyatlarına ehtiyacı olduğu bir vaxtda bu əlaqələr ön plana çıxıb.
Azərbaycan ilə Serbiya arasında iqtisadi əlaqələrə toxunan N.Rodiç indiyədək 24 ikitərəfli sazişin imzalandığını, ticarət dövriyyəsinin həcminin getdikcə artdığını qeyd edib. Bildirib ki, gələn il Bakıda keçirilməsi nəzərdə tutulan biznes forumda ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olacaq. Ölkələrimiz arasında hərbi, müdafiə sənayesi və digər sahələrdə yüksək səviyyəli münasibətlər mövcuddur.
Diplomat Serbiya hökumətinin hər zaman Azərbaycan ilə sıx əlaqələrinin və xalqlarımız arasında yaxın dostluq münasibətlərinin olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın Serbiya ilə tarixən oxşar cəhətləri var. Hazırda Azərbaycan dünyanın müxtəlif ölkələrindən rəsmilərin, dövlət və hökumət başçılarının bir araya gələrək önəmli mövzuları müzakirə etdiyi bir məkana çevrilib.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.b92.net/info/vesti/index.php?yyyy=2014&mm=10&dd=09&nav_category=11&nav_id=909631
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad