MƏDƏNİYYƏT
Azərbaycan həqiqətləri Niderlandda təqdim olunub
Bakı, 27 yanvar, AZƏRTAC
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Hollandiyada 80 ilə yaxındır fəaliyyət göstərən “Nivon” İctimai Birliyi ilə birgə tədbir keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan həqiqətləri foto, video və şifahi məlumatlarla yerli ictimaiyyətin diqqətinə çatdırılıb və maraqlı qarşılanıb. Əvvəlcə “Nivon” təşkilatın rəhbəri İngeborg Barnhoorn tədbir iştirakçılarına “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi haqqında məlumat verib.
Daha sonra Niderlandda yaşayan azərbaycanlı gənclər iştirakçılara holland dilində ölkəmiz haqqında ətraflı məlumat çatdırıb, Azərbaycan tarixinin şanlı səhifələri ilə yanaşı, qanlı məqamlarını da faktlar və fotolarla təqdim ediblər. Bir neçə gün öncə 25 illiyi qeyd edilən 20 Yanvar hadisələri xüsusi vurğulanıb. Faciənin səbəbləri, siyasi motivləri, xalqımızın başına gətirilən qanlı olaylar və eləcə də bu illər ərzində Azərbaycan xalqının və hökumətinin şəhidlərə, azadlıq qurbanlarına göstərdiyi hörmət və ehtiram, bu hadisələrdən çıxarılmış nəticələr barədə geniş söhbət açılıb. Gənc diaspor nümayəndələri Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı, torpaqlarımızın 20 faizinin hələ də işğal altında qalması kimi faktları da tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
“Ana Vətən” Birliyinin dəvəti ilə tədbirə qatılan niderlandlı müstəqil jurnalist Xert van Dam Azərbaycana səfərindən sonra qaçqınların üzləşdiyi çətinlikləri, yaşadıqları əzab-əziyyətləri və əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə yerli mətbuatda dərc etdirdiyi yazıları ilə tanınır. Tədbirdə çıxış edən X.Dam Azərbaycanla bağlı təəssüratlarını iştirakçılarla bölüşüb.
Tədbirin digər iştirakçısı, azərbaycanlı jurnalistlərə təlim keçmək məqsədilə dəfələrlə ölkəmizdə olan yazıçı-jurnalist Jak Kruz isə Azərbaycan haqqında kitab yazdığını və yaxın vaxtlarda həmin kitabın təqdimatını keçirəcəyini bildirib. Bakı, Qobustan, Şamaxı, Quba, İsmayıllı, Qəbələ, Şəki, Lahıc və Kişdəki tarixi abidələrimizdən, palçıq vulkanlarından, Naftalanın möcüzəvi neftindən söhbət açan J.Kruz azərbaycanlıların mehriban, modern, təhsilli, qonaqpərvər və sülhsevər xalq olduğunu vurğulayıb. O, eləcə də Dağlıq Qarabağ probleminin Azərbaycan xalqına vurduğu maddi-mənəvi, psixoloji zərbələrdən danışıb və haqqın qalib gələcəyinə inamını ifadə edərək xalqımızı səbirli olmağa çağırıb.
Tədbirdə Azərbaycanın müasir inkişafından bəhs edən sənədli film nümayiş olunub.