ORDU
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarında iştirak edirlər
Bakı, 30 iyul, AZƏRTAC
İyulun 30-da Moskva yaxınlığındakı Kubinkada “Beynəlxalq Ordu Oyunları - 2016” yarışlarının rəsmi açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi “Xəzər kuboku” və “Tank biatlonu” yarışlarında təmsil edir.
İyunun 30-da Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2016” yarışlarının “Tank biatlonu” müsabiqəsinə start verilib.
Azərbaycan tankçılarının da qatıldığı yarışlarda 17 ölkədən 51 tank heyəti iştirak edir. Yarışlarda Azərbaycan tankçıları “Т-72B3” tanklarında çıxış edirlər.
Beynəlxalq hərbi oyunlarda 19 ölkədən 121 komanda, ümumilikdə quru, hava və dəniz hazırlığı üzrə 23 müsabiqədə yarışır. Üç mindən artıq nümayəndənin iştirakı ilə 20 hərbi poliqon və 3 dəniz akvatoriyasında keçirilən oyunlar avqustun 13-dək davam edəcək.