İQTİSADİYYAT


Azərbaycan hökuməti və Dünya Bankı Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin icrasını yekunlaşdırıb

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Dünya Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin (KBML) icrasını yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 4-də layihənin nəticələrini müzakirə etmək məqsədilə keçirilən konfransda MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı KBML-nin Azərbaycanın kapital bazarlarının müasirləşdirilməsinə təşkilati və əməliyyat dəstəyi təmin etdiyini deyib. Bildirib ki, bu layihə Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına dair dövlət proqramının icrasını dəstəkləyib, ən müasir hüquqi və əməliyyat infrastrukturunun yaradılmasına və bazarın potensialının gücləndirilməsinə töhfə verib.

“Kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması və xarici birbaşa investisiyaların artımı Azərbaycanda qeyri-neft sektorunun inkişafı və müasirləşmə üçün çox önəmlidir. Kapital bazarı yerli və xarici investisiyaların səfərbər olunması üçün əsas alətlərdən biridir, lakin o zamanında islahatların həyata keçirilməsini tələb edir”, - deyə Dünya Bankının maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Berhud diqqətə çatdırıb.

Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi və layihə qrupunun rəhbəri Anjela Priqojina bildirib ki, KBML maliyyə sektorunun şaxələndirilməsi üçün tələb olunan islahatlar paketini və qeyri-neft sektorunda fəaliyyət göstərən Azərbaycan şirkətləri üçün alternativ maliyyə mexanizmlərinə asan çıxışı dəstəkləyib. “Biz inanırıq ki, layihənin təsirləri transformasiya xarakterli və uzunmüddətli olacaq və Azərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə öz töhfəsini verəcək", - deyə A.Priqojina vurğulayıb.

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsi Simon Haberli deyib ki, Azərbaycan 25 ilə yaxındır ki, SECO ilə əməkdaşlıq edir. Maliyyə sahəsində konstruktiv dialoqumuz var. Bu gün müasir və şəffaf kapital bazarları Azərbaycan üçün çox vacibdir. Biz Azərbaycan üçün yeni texniki layihənin proqramını başlamağa hazırıq.

MBNP-nin əməkdaşı Cavid Nəzərov layihənin nəticələri ilə bağlı təqdimatla çıxış edib.

Sonra Dünya Bankının layihə ilə bağlı hazırladığı film nümayiş olunub.

Konfransda kapital bazarlarının müasirləşdirilməsi sahəsində Azərbaycanın keçdiyi yola nəzər salınıb, maliyyə bazarının gücləndirilməsi və ölkədə özəl sektorun inkişafı və iqtisadi şaxələndirmənin maliyyələşdirilməsi üçün kapital bazarlarının mühüm maliyyə mənbəyinə çevrilməsi üçün gələcək çağırışlar və görülə biləcək tədbirlər müzakirə olunub.

Qeyd edək ki, KBML Dünya Bankı və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən dəstəklənir. KBML 2011-ci il martın 17-də Dünya Bankının ayırdığı 12 milyon ABŞ dolları məbləğində kredit və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) trast fondunun 1,6 milyon dollar həcmində əlavə qrantı ilə təsdiqlənib. Layihə bu il iyulun 1-də başa çatıb. Layihə kapital bazarları üzrə hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsi, qiymətli kağızların ticarəti, klirinqi, hesablaşmalar və nəzarət üzrə müasir kapital bazarı infrastrukturunun formalaşdırılması, kapital bazarlarında mövcud olan imkanlarla bağlı şəffaflığın artırılması, bazar iştirakçıları, emitentlər və potensial investorların bu imkanlara çıxışının və onlarla bağlı məlumatlılığının artırılması, bazarda sağlam davranış qaydaları və investorların müdafiəsi praktikasının tətbiqi məqsədilə maliyyə sektorunda tənzimləyici qurumun potensialının artırılması məqsədi daşıyan 4 komponent vasitəsilə kapital bazarlarının islahatı proqramını dəstəkləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.