SİYASƏT
Azərbaycan icması Maqdeburq bələdiyyəsinin tədbirində təmsil olunub
Bakı, 23 avqust, AZƏRTAC
Almaniyanın Maqdeburq şəhərində əcnəbilərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək məqsədilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir Maqdeburq şəhər bələdiyyəsinin təşkilatçılığı ilə “Maqdeburqa xoş gəlmisiniz” devizi altında baş tutub.
Maqdeburqda yaşayan müxtəlif xalqların nümayəndələri görüşdə ölkələrinə aid müxtəlif çap məhsulları nümayiş etdirib, xalqlarının tarixi, mədəniyyəti barədə məlumat veriblər. Tədbirdə Azərbaycanı Maqdeburqda fəaliyyət göstərən Zakhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti təmsil edib.
Tədbiri Maqdeburq şəhər bələdiyyəsinin sədri Lutz Trumper bu şəhərdə məskunlaşan əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasını təmin etmək üçün hər cür şəraitin yaradılacağını deyib.
Görüşdə digər xalqların nümayəndələri ilə yanaşı, Zakhsen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təmsilçilərinə də söz verilib. Cəmiyyətin sədri Yaşar Niftəliyev və təşkilatın üzvü Nadya Paşkova ölkəmiz, onun tarixi, mədəniyyəti, əsasən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında iştirakçılara məlumat verib. Diaspor nümayəndələri Maqdeburqda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiya məsələlərində üzləşdiyi problemləri də bələdiyyə rəhbərinin diqqətinə çatdırıblar.
Tədbir çərçivəsində Cəmiyyətin təmsilçiləri Azərbaycan guşəsində müxtəlif kitab, buklet və digər çap məhsulları nümayiş etdiriblər.