İDMAN
Azərbaycan iddiaçılar turnirinin keçirilməsinə namizəddir
Bakı, 21 iyul, AZƏRTAC
2018-ci ildə dünya şahmat tacı uğrunda iddiaçılar turnirinin keçirilməsinə Bakı və London, habelə Almaniya şəhərlərindən biri maraq göstərir. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov məlumat verib.
Səkkiz qrossmeysterin iştirakı ilə turnir 2018-ci ilin birinci yarısında keçiriləcək. Hazırkı dünya çempionu Norveç şahmatçısı Maqnus Karlsendir. O, 2016-cı ilin noyabrında Nyu-Yorkda sürətli tay-breykdə 3:1 hesabı ilə rusiyalı Sergey Karyakinə qalib gəlib. Xatırladaq ki, bu şahmatçılar arasında klassik şahmat turniri heç-heçə (6:6) başa çatıb.
K.İlyumjinov telefon söhbətində deyib: “Artıq iddiaçılar turnirinin harada keçiriləcəyi barədə müəyyən ehtimallar var. Hazırda yarışın təşkilinə Böyük Britaniyanın paytaxtı London, habelə Azərbaycan Şahmat Federasiyası maraq göstərir. Axı FIDE tarixində ən yaxşı Ümumdünya Olimpiadalarından biri 2016-cı ildə Bakıda keçirilib. Yarışı Almaniyada keçirmək istəyən sponsorlarla da danışıqlarım olub”.
Əvvəlki iddiaçılar turniri 2016-cı ilin martında Moskvada keçirilib. Həmin turnirdə rusiyalı qrossmeyster Sergey Karyakin qalib gəlib.