İDMAN


Azərbaycan idmançıları “Bakı-2017”nin atletika yarışlarının ikinci gününü 6 medalla başa vurublar

Bakı, 17 may, AZƏRTAC

IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışlarının ikinci günündə - mayın 17-də Azərbaycan idmançıları 6 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, kişi paralimpiyaçılar arasında F57 kateqoriyası üzrə lövhəatma yarışında 45,17 metr nəticə ilə Samir Nəbiyev özünün ikinci qızıl medalını qazanıb. Yarışda gümüş medala iordaniyalı Amer Abdelaziz, bürünc mükafata isə Misir təmsilçisi Metava Abouelkhir layiq görülüblər.

Xatırladaq ki, paraatletimiz Samir Nəbiyev mayın 16-da atletika yarışlarının birinci günündə kürəitələmə üzrə İslamiadanın çempionu olub.

İslamiadada Azərbaycanın aktivinə 44-cü qızıl medalı Elmir Cəbrayılov yazdırıb. O, kişi paralimpiyaçılar arasında 100 metr məsafəyə qaçış yarışında (T12) məsafəni 10,98 saniyəyə qət edərək qızıl medal qazanıb. Yarışda gümüş medalı Özbəkistan təmsilçisi Mansur Abdiraşidov, bürünc medalı isə mərakeşli Mahdi Afri əldə ediblər.

Üçtəkanla tullanma yarışında təmsilçimiz Nazim Babayev 17,15 metr nəticə ilə atletika yarışlarında ölkəmizə yeddinci qızıl medalı qazandırıb. Digər təmsilçimiz Aleksis Kopello isə 16,90 metrlə gümüş medala sahib olub. Suriyalı Miguel Assen Van isə bürünc medalla kifayətlənib.

Kişilər arasında 110 metr məsafəyə maneələrlə qaçış yarışında təmsilçimiz Rahib Məmmədov gümüş medala sahib olub. O, bu məsafəni 14,18 saniyəyə qət edib. Qızıl medalı Səudiyyə Ərəbistanı idmançısı Ahmed Almuvallad, bürünc medalı isə iraqlı Mohammed Sad Al-Xfaci əldə ediblər.

Kişi paralimpiyaçılar arasında F56 kateqoriyasında lövhəatma yarışında Azərbaycan idmançısı Oloxan Musayev 40,49 metr nəticə ilə bürünc medal qazanıb. Yarışda qızıl və gümüş medallara İran təmsilçiləri Əli Məhəmmədyari və Əlireza Nasseri Qaleh sahib olublar.

Atletika yarışlarına mayın 20-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.