İDMAN


Azərbaycan idmançıları “Rio-2016” Yay Olimpiya Oyunlarında yeni tarix yazdılar

A+ A

Bakı, 24 avqust, S.Quliyev, S.Allahverdiyeva, AZƏRTAC

Avqustun 5-dən 21-dək dünyanın diqqəti Braziliyanın Rio-de-Janeyro şəhərinə yönəldi. Əsrarəngiz təbiət, görməli yerləri ilə seçilən məkan bu dəfə öz qapılarını dünyanın ən məşhur idmançılarına açdı. Dörd illiyin zirvə yarışı olan Olimpiya Oyunlarına bu dəfə Rio-de-Janeyro ev sahibliyi etdi. 207 ölkədən idmançıların qatıldığı yarışda 11 mindən artıq atlet birincilik uğrunda mübarizə aparıb. Səksən yeddi ölkənin idmançılarının medal qazandığı yarışda Azərbaycan komandası Vətənə 18 medalla qayıdıb. Komandamız 1 qızıl, 7 gümüş və 10 bürünc medalla mötəbər yarışı 39-cu pillədə başa vurub.

AZƏRTAC xəbər verir ki, ölkəmizə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Azərbaycan sübut etdi ki, taekvondo çempionları yalnız bu döyüş növünün vətənində yaşamır. Koreya Respublikası 2 qızıl və 3 bürünc medalla taekvondodakı üstünlüyünü “Rio-2016”da da göstərdi. Bununla yanaşı, Azərbaycan, Böyük Britaniya və Afrika ölkələrindən olan idmançılar bu idman növünün öz Vətənindən kənarda yayıldığını nümayiş etdirdilər. Azərbaycanlı taekvondoçular XXXI Yay Olimpiya Oyunlarında 1 qızıl, 2 bürünc medal əldə etdilər. Rio Olimpiadasında 80 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan taekvondoçusu Radik İsayev Nigeriya idmançısı Abdulrazzak İssufu 6:2 hesabı ilə məğlub edərək qızıl mükafat qazanıb. Digər taekvondoçularımız Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medala sahib olublar.

Rio Olimpiadasında dördüncü yeri qazanan Azərbaycanın taekvondo üzrə yığma komandası MDB ölkələri arasında birinci, Avropada ikinci sırada qərarlaşıb. Tarixində ilk dəfə Olimpiya Oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşı yığmalardan biri olub.

Başa çatan Rio-de-Janeyro Yay Olimpiya Oyunları Azərbaycan güləş tarixində də yeni səhifə açıb. Pəhləvanlarımız 4 illiyin zirvə yarışında digər Olimpiya Oyunları ilə müqayisədə daha çox medal qazanıblar. Rio-de-Janeyroda mübarizə aparan 14 güləşçimizdən 9-u Vətənə medalla qayıdıb. Medallardan 3-ü gümüş, 6-sı isə bürüncdür.

Yarışların ilk üç günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) timsalında bürünc medala yiyələnib. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 5 güləşçi ilə təmsil olunan yığmamız 2 bürünc medala sahib olub və Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü nəticə göstərib.

Qadın güləşçilərin yarışında Azərbaycan 3 idmançı ilə təmsil olunub. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edən güləşçilərimiz 1 gümüş və 1 bürünc medal əldə ediblər. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnsə də, Nataliya Sinişin (53 kq) bürünc medalı boynuna taxıb. Bu nəticə ilə qadın güləşi yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yeri tutub.

Yarışların son üç günündə mübarizə aparan sərbəst güləş yığmamız güləş tariximizdə yeni bir səhifə yazıb. Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 6 idmançı ilə təmsil olunan sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc medala layiq görülüb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazanıblar. Medalların sayına və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə, yığmamız bütün komandaları qabaqlayıb və ilk sırada qərarlaşıb.

Pəhləvanlarımız Rio-de-Janeyroda güləş idman növündə qazanılan medalların sayına görə Rusiya ilə ilk sıranı bölüşdülər - hərəyə 9 medal. Sərbəst güləş yığmamız isə qazandığı medalların sayına görə birinci olub.

1996-cı ildə Atlantada 1 gümüş, 2000-ci il Sidney Olimpiadasında 1 qızıl, 2004-cü ildə Afinada 1 qızıl, 2008-ci il Pekin Olimpiadasında 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal qazanan güləşçilərimiz Rio-de-Janeyro Olimpiya Oyunlarında 3 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 9 medal əldə edib və güləş tariximizdə yeni bir səhifə açıb.

Statistikaya nəzər salsaq görərik ki, güləşçilərimizin 4 illiyin zirvə yarışında qazandıqları medalların sayında hər dəfə artım müşahidə olunur. Bu dəfə yeganə çatışmayan qızıl medal oldu. İnanırıq ki, gələcəkdə güləşçilərimiz daha böyük əzmkarlıq nümayiş etdirərək qazanılan medalların keyfiyyətinin daha da yaxşılaşdırılması üçün əllərindən gələni edəcək, həmişə olduğu kimi bayrağımızı yüksəldəcək, himnimizi səsləndirəcəklər.

“Rio-2016”da cüdoçular 7 gün ərzində 14 dəst medalın sahibini müəyyənləşdiriblər. Yarışa 6 kişi cüdoçu ilə qatılan Azərbaycan millisi Olimpiadada 2 gümüş medal əldə edib. Rüstəm Orucov 73, Elmar Qasımov 100 kq çəki dərəcəsində finaladək irəliləyib və yalnız həlledici qarşılaşmada uduzublar.

Azərbaycan boks millisi “Rio-2016”da final həyəcanı yaşayan 12 ölkədən biri olub. Belə ki, 13 medal dəsti uğrunda mübarizə aparan 11 boksçumuzdan – Lorenzo Sotomayor (64 kq) həlledici qarşılaşmada qüvvəsini sınayıb. Bununla, boks tariximizə ilk və hələlik yeganə finalçı kimi düşən idmançımız özbəkistanlı rəqibinə uduzsa da, gümüş mükafata layiq görülüb. Daha bir boksçumuz – Kamran Şahsuvarlı (75 kq) da Braziliyadan medalla qayıdıb. Olimpiyaçımız yığmanın hesabına bürünc mükafatı yazdırıb.

Nəticədə, Olimpiya Oyunlarını bir gümüş və bir bürünclə başa vuran boks komandamız “Rio-2016”da 10-cu yerə şərik olub. Kolumbiya ilə eyni göstəriciyə malik ölkəmiz Avropada dördüncü olub. Yalnız Fransa, Rusiya və Böyük Britaniya daha öndə qərarlaşıb. Qazaxıstanın boksçuları Asiyada mübarizə apardığından Azərbaycan Avropada ilk dördlükdə qərarlaşıb.

Medal sayında birinci yeri isə Özbəkistan tutub. Kuba kimi nəhənglə eyni sayda qızıl medal qazanan asiyalılar digər mükafatlarda da onları qabaqlayıblar. Fransa isə siyahıda üçüncü olub. Ümumilikdə, 19 ölkənin idmançısı medala yiyələnib. Bunlardan on ikisi final həyəcanı yaşayıbsa, yeddisi yalnız bürünc qazanıb. Himni səslənən ölkələrin sayı isə səkkiz olub.

Rio Olimpiadası Azərbaycan avarçəkənləri üçün də uğurlu olub. Valentin Demyanenko birnəfərlik kanoe qayığında 200 metr məsafədə gümüş, İnna Osipenko-Radomskaya birnəfərlik kayak qayığı ilə 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Azərbaycan ilk dəfə Olimpiya Oyunlarında avarçəkmə növündə medal qazanaraq idman tariximizdə yeni səhifə açıb.

On səkkiz medalla Olimpiadanı başa vuran Azərbaycan komandası medalların sayına görə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutub. Bu nəticəyə görə respublikamız islam, türk və Qafqaz ölkələri arasında lider olub. Həmçinin idmançı sayının qazanılan medallara nisbətinə görə Azərbaycan Olimpiadanın lider dövlətlərindən olub.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunub. Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısıdır. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks yarışlarında olmaqla 3 hakimlə də təmsil edilib.

Ölkəmizin müstəqil dövlət kimi 1996-cı ildə ilk dəfə qatıldığı Olimpiya Oyunlarından bu günədək medal sayında artım müşahidə olunur. Xronologiyanı diqqətə çatdırırıq:

“Atlanta-1996” Yay Olimpiya Oyunları – 1 medal (0-1-0)

“Sidney-2000” Yay Olimpiya Oyunları – 3 medal (2-0-1)

“Afina-2004” Yay Olimpiya Oyunları – 5 medal (1-0-4)

“Pekin-2008” Yay Olimpiya Oyunları – 7 medal (1-2-4)

“London-2012” Yay Olimpiya Oyunları – 10 medal (2-2-6)

“Rio-2016” Yay Olimpiya Oyunları – 18 medal (1-7-10).

Bu uğurların əsasında Azərbaycanda idmana göstərilən dövlət qayğısı durur. Ölkəmizdə idman infrastrukturunun möhkəmləndirilməsi, yeni Olimpiya İdman komplekslərinin inşa olunması, idmançıların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına imkan yaradır. Həmçinin irimiqyaslı idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edən respublikamız həmişə beynəlxalq idman qurumlarının diqqət mərkəzində olub. Yüksək təşkilatçılıq bacarığı ilə seçilən ölkəmiz ötən il ilk Avropa Oyunlarını müvəffəqiyyətlə keçirərək dünyanın diqqətini Bakıya yönəltməyi bacardı. Ölkəmizdə cari ildə “Formula-1” Avropa Qran-prisi təşkil olundu, sentyabrda isə 42-ci Dünya Şahmat Olimpiadası keçiriləcək. Gələn il isə paytaxtımız IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

Azərbaycan idmançıları bundan sonra da əzmkarlıq göstərərək növbəti Yay Olimpiya Oyunlarına hazırlaşacaqlar. Əminik ki, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadada Azərbaycan yığması ölkə idmanı tarixində yeni uğurlara imza atacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.