İDMAN


Azərbaycan idmançıları “Rio-2016”nın 11-ci gününü iki bürünc medalla başa vurublar

A+ A

Bakı, 17 avqust, AZƏRTAC 

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarının on birinci günündə - avqustun 16-da yığma komandamızın üç üzvü idmanın üç növü – avarçəkmə, güləş və boks üzrə yarışıb.

AZƏRTAC xəbər verir ki, günün proqramı üzrə Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya “Rio-2016” Yay Olimpiya Oyunlarında qadınlar arasında birnəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yarışın final yürüşündə çıxış edib. 34 yaşlı Olimpiya və dünya çempionu ən güclü səkkiz idmançı arasında həlledici mərhələni 40.401 saniyə nəticə ilə tamamlayaraq bürünc medal qazanıb.

Yunan-Roma güləşi yarışlarında Azərbaycanı təmsil edən Rəsul Çunayev (66 kq) bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb. Görüşdə R.Çunayevin rəqibinə qalib gəlməsi üçün 2 dəqiqə 20 saniyə lazım olub. Qarşılaşmada 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Bu, “Rio-2016”da Azərbaycan yığma komandasının sayca beşinci medalı olub.

AZƏRTAC-ın arayışı: Rəsul Çunayev 1991-ci ildə Azərbaycanın Balakən şəhərində anadan olub. O, ötən il Las-Veqasda keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medal qazanıb. Atletimiz Avropa çempionatının qızıl və gümüş medalçısı olub. R.Çunayev, həmçinin 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının qızıl medalçısıdır. Birinci Avropa Oyunlarında qazandığı yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə o, Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Yola saldığımız gün boks yarışlarında çıxış edən Azərbaycan təmsilçisi Lorenzo Kollazo Sotomayor (64 kq) üçün də uğurlu olub. Boksçumuz dörddəbir finalda “London-2012” Olimpiya Oyunlarının bürünc mükafatçısı kubalı Yasnier Toledo ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmanın hər üç raundunda rəqibinə qalib gələn L.Sotomayor Olimpiadanın yarımfinalına vəsiqə qazanıb.

Boksçumuz yarımfinalda Almaniya yığmasının heyətində çıxış edən erməni əsilli Artem Harutyunyan ilə qarşılaşacaq. Həmin görüş avqustun 19-da Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Bununla da Azərbaycan Olimpiya yığmasının hesabındakı medalların sayı yeddiyə çatıb. Bunlardan ikisi gümüş, üçü bürüncdür. Cüdoçularımız Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (90 kq) gümüş, yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq), Sabah Şəriəti (130 kq) və avarçəkənimiz İnna Osipenko-Radomskaya bürünc medal qazanıblar.

İstənilən halda, boksçularımız L.Sotomayor (64 kq) və K.Şahsuvarlının (75 kq) yarımfinal döyüşlərinin nəticəsindən asılı olmayaraq, onlar da millimizin adına ən azı iki bürünc medal təmin ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.