İDMAN
Azərbaycan idmançıları “Tbilisi-2015” Olimpiya Festivalında daha bir qızıl medal qazanıblar
Tbilisi, 30 iyul, AZƏRTAC
Azərbaycan idmançıları “Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya Festivalında daha bir qızıl medal qazanıblar. Növbəti qızıl medalı Azərbaycana cüdoçumuz Hasil Cəfərov (73 kq) qazandırıb.
İyulun 30-da Azərbaycanın yeniyetmələrdən ibarət idmançıları velosiped, cüdo və atletika yarışlarında mübarizəni davam etdiriblər. Mundiala inamla çıxan H. Cəfərov daha güclü olduğunu sübut edərək rəqibləri üzərində tam qələbə qazanıb. Onun finalda Rumıniya idmançısı ilə görüşü daha gərgin keçib. Görüşün əsas hissəsində qalib müəyyənləşməyib. Əlavə olunmuş vaxtda H.Cəfərov qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İdmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib və üçrəngli bayrağımız ucaldılıb.
H.Cəfərov qələbə sevincini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşərək deyib: “Belə mötəbər yarışda Azərbaycan bayrağını ucaltdığıma görə çox sevinirəm. Bu, təkcə mənim deyil, valideynlərimin, məşqçilərimin və məni dəstəkləyən insanların qələbəsidir. Mən bundan sonra da məşqlərimi davam etdirib, daha böyük yarışlarda – dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında qızıl medal qazanmaq üçün əzmlə çalışacağam”.
Digər idmançılarımız medal əldə etməsələr də, belə mötəbər yarışa ilk dəfə qatılmaqla zəngin təcrübə qazanıblar.
Beləliklə, Azərbaycan ikisi qızıl olmaqla 5 medal qazanıb və bu göstərici ilə reytinq cədvəlində 13-cü yerdədir.
İyulun 31-də yeniyetmə idmançılarımız medallar uğrunda mübarizəni davam etdirəcəklər. Sabah gənclərimiz velosiped, cüdo və üzgüçülük yarışlarında qüvvələrini sınayacaqlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi