İDMAN
Azərbaycan idmançıları WUMA döyüş növləri üzrə dünya çempionatı və Dünya Döyüş Növlərinin Oyunlarında dörd medal qazanıblar
Bakı, 19 sentyabr (AZƏRTAC, Səxavət Quliyev). İsveçrənin Cenevrə şəhərində WUMA (World United Martial Arts Federation) döyüş növləri üzrə dünya çempionatı və Dünya Döyüş Növlərinin Oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi Azərbaycan Budo Döyüş Növləri Federasiyasının (ABDNF) 15 idmançıdan ibarət milli komandası təmsil edib.
Beş mindən artıq idmançının çıxış etdiyi yarışda milli komandamız dörd medal qazanıb. On səkkiz yaşdan yuxarı idmançıların mübarizəsində Emin Süleymanov (fri-kontakt, 70 kq) və veteranlar arasında Elşən Kərimov (MMA, 90 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
On səkkiz yaşdan yuxarı idmançıların mübarizəsində Pənah Süleymanov (fri-kontakt, 65 kq) və Vüsal Ələsgərov (fri-kontakt, 90 kq) isə gümüş medala sahib olublar.
Milli komandamız turnirdə ABDNF-nin prezidenti Faiq Rəfiyevin rəhbərliyi altında çıxış edib.