İDMAN
Azərbaycan idmançısı Ukraynada keçirilən dünya çempionatında ikinci yeri tutub
Bakı, 19 may, AZƏRTAC
Xarkovda kempo karete və ko-budo idman növü üzrə açıq dünya çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kata, kempo karate, iriqumi-cuqo və tərk-silah növləri üzrə təşkil olunan yarışda ölkəmizi 15 idmançı təmsil edib.
Mundialda baş məşqçi Tanrıverdi Allahverdiyevin rəhbərliyi altında 75 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən üçqat dünya çempionu Fərid Əzizov tərk-silah yarışında mübarizə aparıb. İdmançı olmaqla yanaşı, jurnalist fəaliyyəti ilə də məşğul olan F.Əzizov 17 ölkədən idmançıların qatıldığı yarışda gümüş medala layiq görülüb.
Yarışda idmanın bu növü üzrə güclü atletlərin mübarizə apardıqlarını deyən F.Əzizov bildirib: “Gərgin idman mübarizəsində öz gücümü tam şəkildə göstərə bilmədim və gümüş medalla kifayətlənməli oldum. İdmançı üçün ikinci yer də uğurdur. Lakin mən ikinci yerlə kifayətlənməyi düşünmürəm. Bu mübarizə mənim üçün böyük təcrübə oldu. Qarşıdakı yarışlarda böyük uğurlar qazanmaq üçün daha yaxşı hazırlaşacağam”.
Xatırladaq ki, F.Əzizov 2014-cü və 2016-ci illərdə təşkil olunan dünya çempionatlarının qalibi olub.