İDMAN


Azərbaycan idmançısı ağır atletika üzrə beynəlxalq turnirdə qızıl medal qazanıb

Bakı, 22 dekabr, AZƏRTAC

Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir davam edir.

AZƏRTAC xəbər verir ki, sayca 16-cı dəfə təşkil olunan turnir artıq ikinci dəfədir beynəlxalq statusda keçirilir. Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Yarışın ikinci günündə əvvəlcə 17 yaşadək oğlanlar mübarizəyə qoşulublar. Turnirdə inamlı təsir bağışlayan idmançımız İsa Rüstəmov qızıl medala layiq görülüb. Daha bir idmançımız Hüseyn İsmayılov gümüş, moldovalı Udor Çobanu isə bürünc medallara sahib olublar.

İyirmi yaşadək kişilərin yarışında Avropa və dünya çempionatlarının mükafatçıları mübarizə aparıblar. Sonda qızıl medala ukraynalı atlet Volodimir Hoza layiq görülüb. Gürcüstanlı atlet Georgi Çxeidze ikinci, Azərbaycan təmsilçisi Kənan Əliquliyev üçüncü yeri tutub.

On yeddi yaşdan yuxarı qadınlar arasında mübarizədə altı ölkənin təmsilçiləri güclərini sınayıblar. Hamıdan üstün olan Gürcüstan təmsilçisi Anastasiya Qotfrid fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı Natalya Prişepa, bürünc medalı isə Azərbaycan atleti Anastasiya İbrahimli qazanıb.

Güclü ağırlıqqaldıranların yarışı da gərgin idman mübarizəsi şəraitində keçib. Mübarizənin sonunda qızıl medalı ümumilikdə 380 kiloqram çəkini qaldıraraq 429,34 xal toplayan ukraynalı atlet Dmitro Çumak əldə edib. Gümüş medal gürcüstanlı atlet Revaz Davitadzeyə (333 kq və 402,75 xal), bürünc medal isə moldovalı Sergey Çekirə (301 kq və 402,69 xal) nəsib olub.

Yarışın təşkilinə ümumi rəhbərlik Azərbaycan Ağır Atletika Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həyata keçirilir.

Bakıda və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının üzvlərinə turnirdə iştirak etmək hüququ verilib. Yarışda Azərbaycan ilə yanaşı, daha 12 ölkədən - ABŞ, Ukrayna, Moldova, Belarus, Rusiya, Türkiyə, İran, Bolqarıstan, İsrail, Gürcüstan, Tacikistan, Polşadan ağırlıqqaldıranlar çıxış edirlər.

Xatırladaq ki, turnirin birinci günündə 17 yaşadək qızların yarışında idmançımız Səbinə Əzimova qızıl medala layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.