MƏDƏNİYYƏT
Azərbaycan ifaçılarının konserti Osloda böyük maraqla qarşılanmışdır VİDEO
Oslo, 22 iyun (AZƏRTAC). Azərbaycan ifaçıları Norveçin paytaxtı Osloda “Azərbaycan Odlar Yurdudur” adlı konsert proqramı ilə çıxış etmişlər.
AZƏRTAC xəbər verir ki, Norveçin Azərbaycanlı Gənclər Təşkilatının – NAYO-nun təşəbbüsü ilə reallaşan konsertdə ölkəmizi və qardaş Türkiyəni təmsil edən diasporların üzvləri, Norveç ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə NAYO-nun rəhbəri Ramil Əliyev çıxış edərək konsertin əhəmiyyətini vurğulamış və bu işin təşkilinə görə Azərbaycanın Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirmişdir. Konsertin böyük maraqla qarşılanacağına əminliyini ifadə edən R.Əliyev vurğulamışdır ki, Azərbaycanın qədim tarixə malik musiqi irsi çox zəngindir.
Konsertdə Azərbaycan musiqi və rəqs qruplarının, o cümlədən populyar ifaçılar Almaz Orucova və Vüqar Muradovun ifasında xalq və bəstəkar mahnıları, muğamlarımız səsləndirilmişdir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Oslo