CƏMİYYƏT
Azərbaycan ilə ABŞ arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Robert Sekuta ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin ötən illər ərzində FHN ilə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir fövqəladə hallarla mübarizə sahəsində ölkələrimizin aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.