MƏDƏNİYYƏT
Azərbaycan ilə ABŞ arasında mədəniyyət və turizm sahəsində mövcud əlaqələr müzakirə olunub
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrdən söhbət açılıb, bu münasibətlərin bir çox sahələrdə inkişaf etdiyi vurğulanıb.
ABŞ səfirliyinin mədəniyyətlə bağlı layihələrə diqqətindən danışan Əbülfəs Qarayev səfir Robert Sekutanın bu sahədə ölkəmizdə keçirilən tədbirlərdə fəal iştirakını xüsusi qeyd edib.
Qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edən diplomat gələcəkdə də bu sahədə birgə fəaliyyətin davam etdiriləcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, Azərbaycanda maraqlı mədəniyyət və turizm tədbirləri keçirilir.
Səfir deyib: "Azərbaycanda müxtəlif dinlərə, fərqli dillərə və mədəni irsə malik xalqlar bir arada sülh şəraitində yaşayır. Bu, Azərbaycanın tolerant ölkə olduğunu nümayiş etdirir".
Nazir Əbülfəs Qarayev Azərbaycanın həm mədəniyyət, həm də turizm sahəsində qarşılıqlı əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb. Bu əməkdaşlıq çərçivəsində ölkəmizin ABŞ-da müxtəlif sərgilərdə, mədəniyyət tədbirlərində iştirakından bəhs edib.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində mövcud əlaqələr müzakirə olunub, perspektiv planlar ətrafında fikir mübadiləsi aparılıb.