SİYASƏT
Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar konstruktiv və intensiv şəkildə aparılır
Bakı, 14 iyun, AZƏRTAC
Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu çərçivəsində ölkəmizdə səfərdədir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarov Lyuk Devin ilə görüşüb. Tərəflər saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasından məmnunluq ifadə ediblər. Danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə olunduğu qeyd edilib.
Qarşılıqlı anlaşma şəraitində keçirilən danışıqlar nəticəsində tərəfdaşlığa dair saziş layihəsinin bu ilin sonunda keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər yekunlaşdırılacağına ümidvarlıq ifadə olunub.
Görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsi, perspektiv inkişaf istiqamətləri barəsində fikir mübadiləsi aparılıb. Bu günlərdə keçirilən Azərbaycan-Avropa İttifaqı biznes-forumunun iqtisadiyyat, ticarət və investisiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı qeyd edilib.
Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının Komissarı Cohannes Hannın iyunun 16-da Azərbaycana səfəri çərçivəsində də Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, xüsusilə nəqliyyat, ticarət, uzlaşma və başqa sahələr üzrə ətraflı müzakirələrin aparılacağına əminlik ifadə olunub. Həmçinin görüş əsnasında tərəflər regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi, Aİ tərəfindən həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.