SİYASƏT
Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 27 may, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla ATƏT Parlament Assambleyası arasında əməkdaşlığın perspektivləri, regional məsələlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyət, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada münaqişə ilə bağlı yüksək səviyyəli görüşü haqqında məlumat verən nazir güc tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb. O əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.
Kristian Viqenin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə parlament dəstəyinin artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin ATƏT PA və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları və ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.