MƏDƏNİYYƏT
Azərbaycan ilə Əfqanıstan arasında mədəni sahədə əlaqələr genişlənir
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarından söhbət açılıb.
Nazir qarşılıqlı səfərlərin bu əlaqələri daha da intensivləşdirəcəyini bildirib. Ötən ilin martında Əfqanıstanın paytaxtı Kabildə keçirilən Novruz sammitində Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirak etdiyini xatırladan Əbülfəs Qarayev iki ölkə xalqlarını birləşdirən tarixi bağların, dini, mənəvi dəyərlərin olduğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycanla Əfqanıstanın oxşar cəhətlərindən biri də çoxmillətli və çoxmədəniyyətli ölkələr olmasıdır: "Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələrinə Əfqanıstandan da ifaçıları dəvət edirik. Bundan başqa, ölkənizin turizm şirkətləri Bakıda keçirilən turizm sərgilərinə qatılırlar. Bu baxımdan biz əlaqələrimizin daha da inkişaf etdirilməsinin tərəfdarıyıq".
Diplomat da öz növbəsində xalqlarımız arasında dini, tarixi, mədəni yaxınlıqdan bəhs edib və bildirib ki, Əfqanıstan səfirliyinin fəaliyyəti həm də bu əlaqələrin inkişaf etdirilməsinə yönəlib.
Sonra görüşdə mədəni və turizm əlaqələri ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.