CƏMİYYƏT
Azərbaycanın və Əfqanıstanın daxili işlər orqanları arasında birbaşa əlaqələrin qurulması müzakirə olunub
Bakı, 30 may, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində (DİN) olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti ilə keçirilən görüşdə ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlarımız arasında münasibətlərin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, yüksələn xətt üzrə inkişaf etdiyi diqqətə çatdırılıb. Bu səfərin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından önəmi qeyd olunub.
Görüşdə iki ölkənin daxili işlər orqanları arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi vurğulanıb. Bu məqsədlə “Təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş” layihəsinin hazırlanaraq Əfqanıstan tərəfinə göndərildiyi bildirilib.
Qeyd olunub ki, Azərbaycan Əfqanıstanın təhlükəsizlik məsələsində əsas tərəfdaşlardan biridir. Ölkəmiz antiterror koalisiyasının üzvü kimi bu Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verir.
Həmçinin transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığı, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyü nəzərə çatdırılıb.
Mohammad Xanif Atmar Azərbaycan Prezidenti İlham Əliyevin İslam ölkələri birliyindəki rolunu xüsusi vurğulayıb, respublikamızda daxili sabitliyin qorunmasında əldə olunmuş uğurları təqdir edib.
Əfqanıstanın Azərbaycan ilə həmrəyliyə daim sadiq qalacağını deyən Təhlükəsizlik Şurasının katibi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin yalnız regional və qlobal əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin mümkünlüyünü bildirib. Eyni zamanda, adıçəkilən Saziş layihəsinin imzalanması üçün müvafiq tapşırıq veriləcəyi qeyd olunub.
Görüşdə Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili iştirak edib.