SİYASƏT


Azərbaycan ilə Almaniya arasında əlaqələri daha da dərinləşdirmək üçün geniş imkanlar var

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Milli Məclisin sədri Oqtay Əsədov Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mixael Kindsqrabla görüşüb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sədr yeni missiyası dövründə səfirin Almaniya ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyinə əminliyini bildirib.

Vurğulanıb ki, Azərbaycan Avropa İttifaqının ən nüfuzlu üzvlərindən olan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin 2004-cü ildə bu ölkəyə səfəri zamanı keçirdiyi görüşlər və imzalanan sənədlər dövlətlərarası münasibətlərimizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Bu gün əlaqələrimiz xalqlarımızın rifahı naminə inkişaf etməkdədir. Bu isə münasibətlərimizin möhkəm təməllər üzərində qurulmasının sübutudur.

Ölkələrimiz arasında imzalanmış 73 sənəd dostluq və tərəfdaşlıq münasibətlərimizin dərinləşməsi üçün etibarlı hüquqi baza yaradıb. Təqdirəlayiq haldır ki, əlaqələrimiz iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahələrində də inkişaf etməkdədir. Bu gün Azərbaycanda 170-ə yaxın Almaniya investisiyalı müəssisə fəaliyyət göstərir. Ölkəmizdə olan əlverişli investisiya mühiti bu göstəricini gələcəkdə daha da artıracaq.

Sədr Milli Məclisdə Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini, Bundestaqda da Cənubi Qafqaz üzrə dostluq qrupunun olduğunu söyləyib. O, deputatlarımızın qarşılıqlı səfərlərini, onların nüfuzlu beynəlxalq qurumlarda görüşlərini yüksək dəyərləndirib. O.Əsədov əmin olduğunu bildirib ki, gələcəkdə parlament rəhbərləri səviyyəsində də səfərlər baş tutacaq.

Sədr cari ildə ATƏT-ə sədrliyi həyata keçirən Almaniyaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində göstərdiyi səylərə görə minnətdarlığını bildirib. O, bu münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində tezliklə aradan qaldırılacağına inamını ifadə edib.

Səfir Mixael Kindsqrab yeni diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləyib. Qeyd edilib ki, Almaniya Qafqazın bu bölgəsi ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Parlamentlərarası, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələri daha da dərinləşdirmək üçün geniş imkanlar var.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.