SİYASƏT
Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb
Berlin, 22 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyində səfir Ramin Həsənov Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Öttinger ilə görüşüb.
Görüşdə Azərbaycan və Avropa İttifaqının qurumları, eləcə də Azərbaycan ilə Almaniya arasındakı ikitərəfli əməkdaşlığın hazırkı durumu və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü hər iki tərəfdən məmnunluqla qeyd edilib. Eyni zamanda, Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi məsələsinə toxunulub və ölkəmizdə hökm sürən multikultural həyat tərzi və tolerantlıq mühiti xüsusi vurğulanıb.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, Cənub Qaz Dəhlizinin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü çərçivəsində ölkəmiz tərəfindən müvafiq fəaliyyətlərin icrası, rəqəmsal iqtisadiyyat və bu sahədə həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin