CƏMİYYƏT
Azərbaycan ilə Avstriya arasında qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılıb
Bakı, 17 iyul, AZƏRTAC
Azərbaycanda səfərdə olan Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyəti iyulun 17-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Görüşdə Komitənin sədri Azərbaycanla Avstriya arasında yaxşı əlaqələrin olduğunu bildirib, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün zəruri istiqamətlər və qarşılıqlı faydalı əsaslar üzərində iş birliyinin yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən xanım Hicran Hüseynova ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olduğunu bildirib. Qeyd edib ki, qaçqın və məcburi köçkünlərin yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Onların yenidən ailəyə, cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir. Qaçqın və məcburi köçkünlərin, eyni zamanda, atəşkəs dövründə ziyan dəymiş evlərin inşası, sosial obyektlərin təmiri ilə sosial müdafiəsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir. Ötən müddət ərzində onlarla yeni qəsəbə salınıb, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, mədəniyyət mərkəzləri tikilib, müasir tələblər əsasında infrastruktur yaradılıb. Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Onların problemləri daim ölkə rəhbərliyinin diqqətindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə xüsusi diqqət ayırır. Komitə sədri qeyd edib ki, dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Baxmayaraq ki, atəşkəs rejimi davam edir, lakin bununla yanaşı, təmas xəttində, cəbhəboyu bölgələrdə yaşayan dinc əhali mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalırlar. Bunun da ağır nəticələri olur, qadınlar, uşaqlar, qocalar həlak olur, yaralanır. Elə bu yaxınlarda həmin təxribat nəticəsində 2 yaşına çatmayan balaca uşaq və onun nənəsi həlak olub, digər qadın isə yaralanıb.
Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi, qadın sahibkarlığının inkişafı sahəsində vacib layihələr həyata keçirir və davam etdirir. Komitə sədri Hicran Hüseynova bu sahədə birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını deyib.
Avstriya Respublikasının Federal ailə və gənclər naziri Sofi Karmas Azərbaycanın inkişafı, onun sosial sahədə əldə etdiyi uğurları yüksək qiymətləndirib. Son zamanlar erməni silahlı qüvvələrinin törətdiyi təxribatı, qadın və uşaqların qətlini pisləyib. O, münaqişənin yalnız hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü vurğulayıb. Xanım Sofi Karmas əməkdaşlıq üçün qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avstriya Respublikasının Federal ailə və gənclər naziri Sofi Karmas və onun başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Komitə nəzdində fəaliyyət göstərən Bakının Xəzər rayonunda yerləşən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində olublar. Qonaqlar Mərkəzdə fəaliyyət göstərən aktiv terapiya, autizmli uşaqlarla iş, psixoloq, loqoped xidmətləri, əl işləri və inkişaf etdirici məşğələlər ilə əyani surətdə tanış olublar, sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.