İQTİSADİYYAT
Azərbaycan ilə Belarus arasında İKT və rabitə sektoru sahəsində yüksək münasibətlər qurulub
Bakı, 1 aprel, AZƏRTAC
Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun başçılıq etdiyi nümayəndə heyəti "Aztelekom" İB-in rəhbər heyəti ilə görüşüb.
Görüşdən əvvəl nümayəndə heyəti ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyub, xatirəsini ehtiramla yad edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov ölkələrimiz arasındakı dostluqdan, qarşılıqlı tərəfdaşlığın inkişafından danışıb.
Baş direktor qeyd edib ki, Azərbaycan ilə Belarus arasında İKT və rabitə sektoru sahəsində yüksək münasibətlər qurulub. Cari ildə "Aztelekom" İB-nin xidmət ərazisində qurulan " Fibertest" fasiləsiz nəzarət sistemi magistral kabellərə nəzarəti daha da gücləndirəcək, əlavə vaxt və xərcləri minimuma endirəcək. "Aztelekom" İB-nin marketinq və satış departamentinin rəisi Razi Tağıyev qurumda tətbiq edilən yeniliklərdən söz açıb.
Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov iki ölkə arasında ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün sahələrdə daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Nazir Belarusun Azərbaycanla İKT-nin bir çox istiqamətləri üzrə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb. Bildirilib ki, iki ölkənin rabitə və informasiya texnologiyaları sahəsindəki əlaqələri bundan sonra daha da inkişaf edəcək. Görüşdə qarşılıqlı işgüzar münasibətlərin həyata keçirilməsi üçün səylərin bundan sonra da yüksək templə aparılması qərara alınıb.
Tədbirin sonunda qonağa xatirə hədiyyələri təqdim olunub.