CƏMİYYƏT


Azərbaycan ilə Belçika arasında miqrasiya sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Bakı, 29 iyun, AZƏRTAC

Belçika Krallığının Daxili İşlər Xidmətinin immiqrasiya idarəsinin rəhbəri Freddi Rosmuntun başçılıq etdiyi nümayəndə heyəti iyunun 29-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyub.

Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər qoyublar.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev nümayəndə heyəti ilə görüşüb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan ilə Belçika arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub. Azərbaycanın keçmiş sovet respublikaları arasında Belçika ilə diplomatik münasibətlər quran ilk ölkə olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycan-Belçika əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Ötən illər ərzində həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin, mütəmadi görüşlərin Azərbaycan və Belçika arasında əməkdaşlığın inkişafına töhfə verdiyinə diqqət çəkilib. Azərbaycan ilə Belçika arasında iqtisadi əməkdaşlığın uğurla davam etdiyi və bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensialın mövcud olduğu, həmçinin son illərdə Azərbaycanda Belçika mədəniyyətinin, Belçikada isə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə keçirilmiş çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşmasına töhfə verdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin dövlətlərimiz arasında münasibətlərin yüksələn xətlə inkişafına verdiyi töhfələrə toxunulub. Bu əlaqələrin miqrasiya sahəsində də əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar açdığı məmnunluqla ifadə edilib.

F.Nəbiyev Azərbaycan ilə Belçika arasında siyasi-diplomatik və iqtisadi-mədəni əlaqələr kontekstində Dövlət Miqrasiya Xidməti ilə Belçikanın müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub. Azərbaycan və Belçika Krallığının Daxili İşlər Xidmətinin İmmiqrasiya idarəsi arasında əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Azərbaycanda miqrantların hüquqlarının yüksək səviyyədə qorunduğuna diqqət çəkən Xidmət rəisi miqrasiya, o cümlədən əmək miqrasiyası, onlara təsir edən amillər, bu prosesin tәnzimlənməsi mexanizmləri, bu sahədəki qanunvericilik bazası və digər məsələlər ətrafında fikirlərini bölüşüb. Bakıda və Yevlaxda müasir standartlara cavab verən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinin fəaliyyət göstərdiyini söyləyib.

F.Nəbiyev ölkəmizdə miqrasiya sahəsində qanunvericilik və icra mexanizmləri barədə danışıb. Xidmət rəisi “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin ötən 10 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qazandığı nailiyyətlərdən bəhs edib, qanunvericilik bazası haqqında danışıb. Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) haqqında məlumat verib. Qeyd olunub ki, VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaradıb.

Görüşdə, həmçinin hazırda dünyada baş verən miqrasiya axınları, miqrantların üzləşdikləri problemlər barədə danışılıb. Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzündən söhbət açıb, keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində iyirmi faiz ərazimizin işğal edildiyini, işğal nəticəsində bir milyondan çox insanın qaçqın və köçkün düşdüyünü bildirib. Qeyd edib ki, Azərbaycan bu böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Bu gün köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Yüzə yaxın qəsəbə salınıb, qaçqın və köçkünlər yeni gözəl mənzillərə, evlərə köçürülüb. Münaqişə isə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ ki, həllini tapmayıb və Azərbaycan əraziləri işğal altındadır.

Miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, həmçinin qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsinə dair məsələlərin müzakirə olunduğu görüşdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, son illərdə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in həyata keçirilməsi üzrə Azərbaycanla Belçika arasında qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, eyni zamanda, miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələr sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir.

F.Rosmunt Azərbaycan səfərindən məmnun olduğunu, ölkəmizin və Bakının gözəlliyinin, həmçinin xalqımızın səmimiliyinin onu valeh etdiyini deyib. O, miqrasiya idarəetməsi sahəsində Azərbaycanda vahid qurumun fəaliyyət göstərməsini, eyni zamanda, bu sahədə bir normalar məcmusunun - Miqrasiya Məcəlləsinin olmasını təqdir edib. Azərbaycanda miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirib. Bu səfərin miqrasiya sahəsində əlaqələrin inkişafına və qeyd edilən bir sıra məsələlərin həllinə əsaslı təsir göstərəcəyinə inandığını söyləyib.

Görüşdə miqrasiya sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.