İQTİSADİYYAT


Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar var

A+ A

Əbu-Dabi, 18 oktyabr, AZƏRTAC

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələri yüksək səviyyədədir, iki ölkənin xalqları və hökumətləri arasında çox gözəl münasibətlər mövcuddur.

Bu fikir Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri, “Dubay Expo 2020” Bürosunun baş direktoru xanım Rim Əl Haşiminin Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşündə bildirilib.

Səfir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərindən, eləcə də BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun ötən il ölkəmizə etdiyi səfərdən sonra əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Diplomat Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə əldə edilmiş iqtisadi nailiyyətlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı və ixracın şaxələndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birbaşa himayəsi ilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və dünyanın bir sıra ölkələrində həyata keçirilmiş sosial-mədəni layihələr haqqında danışıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində BƏƏ-nin istər ikitərəfli səviyyədə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən səfir bu dəstəyin ölkəmiz və bütövlükdə regionun əmin-amanlığı və təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. Bildirilib ki, BƏƏ rəhbərliyinin uzaqgörən və müdrik siyasəti nəticəsində bu ölkə çox böyük inkişaf yolu keçib və dünyanın əsas turizm və ticarət mərkəzlərindən birinə çevrilib. BƏƏ-də həyata keçirilən və davam etməkdə olan dünya miqyaslı layihələr bu inkişafın yüksələn xətlə davam edəcəyinin sübutudur.

Dubay Əmirliyinin “Expo 2020”yə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdıran səfir Azərbaycanın həmin tədbirdə iştirakını təsdiq edən niyyət məktubunu dövlət nazirinə təqdim edib.

Xanım Rim Əl Haşimi Azərbaycanın “Expo 2020”də ən yüksək səviyyədə təmsil olunacağından əminliyini bildirib və bunun reallaşması üçün Dubay Expo Bürosunun baş direktoru kimi bütün zəruri dəstəyi göstərəcəyini qeyd edib.

Səfir deyib ki, Azərbaycan və BƏƏ arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi, ticarət, investisiyalar və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar açır. Azərbaycanın əlverişli iqlimi və münbit torpaqları yüksək keyfiyyətli, təbii kənd təsərrüfatı məhsullarının istehsalına və ixracına imkan verir. Bu məhsulların BƏƏ və bütövlükdə Körfəz ölkələrinə ixracı regionun ərzaq təhlükəsizliyinə də əlavə töhfə verəcək. Digər tərəfdən, Azərbaycanın gözəl təbiəti, zəngin mədəniyyəti, mətbəxi və insanlarının qonaqpərvərliyi dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edir. Azərbaycan Prezidentinin qərarı ilə 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilmək imkanının verilməsindən sonra bu ölkədən turistlərin çoxsaylı axını müşahidə olunur. Əvvəllər Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana il ərzində cəmi 2500-3000 turist səfər edirdisə, cari ilin 8 ayı ərzində ölkəmizə 30 mindən çox turist səfər edib.

D.Şikarov artan ticarət, investisiya və turizm əlaqələrinə paralel olaraq, hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Hazırda iki ölkə arasında yalnız Dubay-Bakı birbaşa uçuşlarının olduğunu deyən diplomat qarşılıqlı uçuşların digər hava yolu şirkətlərini də cəlb etməklə artırılmasının vacibliyini bildirib.

Rim Əl Haşimi ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, istər Azərbaycan məhsullarının BƏƏ bazarlarına çıxışı, istərsə də qarşılıqlı səfərlərin artırılması məsələlərində əlindən gələn köməyi göstərməyə hazır olduğunu deyib. Dövlət naziri BƏƏ vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi ilə bağlı qərara görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. O, BƏƏ vətəndaşlarının səyahət edəcəkləri ölkəni seçərkən ilk növbədə onlara göstərilən xoş münasibət və təhlükəsizlik məsələlərinə diqqət yetirdiklərini, bu baxımdan Azərbaycanın onlar üçün ən ideal istirahət istiqaməti potensialına malik olduğunu qeyd edib. Rim Əl Haşimi BƏƏ-də Azərbaycana marağın gündən-günə daha da artacağından əmin olduğunu vurğulayıb.

Söhbət zamanı səfir BƏƏ-nin dövlət nazirini Azərbaycana səfərə dəvət edib. Rim Əl Haşimi dəvətə görə təşəkkür edib, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun 2015-ci ildə ölkəmizə rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində özünün də olduğunu, ölkəmizin və Bakı şəhərinin gözəlliyindən heyrətə gəldiyini, xüsusən Azərbaycan yeməklərinin, meyvə və tərəvəzlərinin dadının onun üçün unudulmaz olduğunu deyib. O, proqramına uyğun olaraq cari il dekabr ayının sonlarında Bakıya səfərinin mümkün ola biləcəyini bildirib. Dövlət naziri səfər zamanı Azərbaycanın “Expo 2020”də iştirakı ilə bağlı məsələlərin müzakirə edilə biləcəyini vurğulayıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.